İslam ölkələri vahid valyutaya keçsin

“İslam səkkizliyi” (D-8) ölkələri qarşılıqlı ticarəti artırmaq üçün ümumi valyuta tətbiq etməlidir.

Bu barədə Banqladeş Baş naziri Şeyx Hasina Dəkkə şəhərində keçirilən D-8 ölkələrinin ticarət nazirləri ilə görüş zamanı bəyan edib.

Əgər biz, Avropa İttifaqı (Aİ) kimi, ölkələrimiz arasındakı ticarəti inkişaf etdirmək üçün ortaq valyutanı tətbiq edə bilsək, çox yaxşı olar. Məqsədim sadə insanların rifahını və sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. Əgər biz öz ticarətimizi möhkəmlədə bilsək, digərlərindən asılı olmaq məcburiyyətində qalmayacağıq“, – deyə Şeyx Həsinə bildirib.

Qeyd edək ki, hazırda Dəkkədə keçirilən D-8 ölkələrinin ticarət nazirlərinin görüşü preferensial ticarətə dair razılıqların müzakirəsinə həsr edilib. Nümayəndələr də 2030-cu il üçün qarşılıqlı ticarəti 500 milyard dollaradək çatdırmaqla bağlı razılığa gəliblər. Hazırkı qarşılıqlı ticarət səviyyəsi isə 146 milyard dollardır.

Xatırladaq ki, “İslam səkkizliyi” 1997-ci ildə təsis edilib. Oraya Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir. Bu ölkələrin ümumi əhalisi isə 1,236 milyard nəfərdən çoxdur.

 

 

Az.shafaqa