Daha bir ştatda edamlar dayandırılır

ABŞ-ın qərbindəki Kaliforniya ştatının qubernatoru ölüm cəzasına moratorium qoyan fərman imzalayacaq.
 
Qubernator Qevin Nevsom fərmanı martın 13-də imzalayacaq və 737 məhkumun ölüm cəzasının icrası ertələnəcək. Bu, ABŞ-ın digər ştatları içində ən böyük rəqəmdir.
 
"Ölüm cəzası bizim təməl dəyərlərimizə uyğun deyil”, – Nevsom fərmandan öncə yayılmış bəyanatında deyib.
 
Fərman Kaliforniyada edamların iynə ilə icrasını dayandıracaq, San Quentin həbsxanasındakı edam kamerası bağlanacaq.
 
Newsom-un administrasiyasındakı mənbənin bildirməsinə görə, ölüm cəzası baha başa gəlir, ştat üçün yükdür, azlıqlara və əlil cinayətkarlara münasibətdə eyni qaydada tətbiq olunmur.
 
Bu fərmanla hansısa məhbusun azadlığa çıxacağı gözlənilmir.