Bakı və Abşerondakı bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb

2019-cu ilin sentyabr ayında respublika ərazisində və Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müşahidələrin nəticəsi açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsindən APA-ya verilən məlumata görə, "Zığ-1” sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
 
Məlumata əsasən, Binəqədi I mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bundan başqa Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. 
 
Abşeron rayonu, Nübar qəsəbəsindəki sürüşmə sahəsində  təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesinin  dinamikasında nisbi aktivlik qeydə alınıb.
 
Xəzər rayonu, Qala qəsəbəsindəki sahədə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub.