Bakıda icra hakimiyyətinin avtomobili dəhşətli qəza törətdi – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində - üzü Koroğlu metrostansiyasına doğru olan istiqamətdə naməlum avtomobil 65-70 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerindəcə vəfat edib. Qəzanı törədən avtomobil uzaqlaşsa da, qısa müddətdə kameralar vasitəsi ilə müəyyənləşdirilib.

Bəlli olub ki, ağır qəzanı 66 AA 146 dövlət qeydiyyat nişanlı “Toyota” törədib. Hadisə yerindən qaçan avtomobilin Yevlax rayon İcra Hakimiyyətinə məxsus olduğu bildirilir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.