Azərbaycan Avropa Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər

Azərbaycan tərəfindən Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxıla bilər.

AZƏRTAC-in xəbərinə görə, bunu prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ilə bağlı təşəbbüsün dialoqa xidmət etmədiyini vurğulayıb. "Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq", - xəbərdə bildirilir.

Bu fikirlərə, hələlik, AŞPA-dan münasibət almaq mümkün olmayıb.

Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətini bir il müddətinə mandatdan məhrum edib. Buna əsas kimi ölkədə insan haqlarının pozulması, siyasi məhbusların sayının artması və Azərbaycanın AŞPA-nın qarşısındakı öhdəlikləri yerinə yetirməməsi göstərilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, öz növbəsində, qurumla əməkdaşlığını qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan edib. Rəsmi Bakı AŞPA-nı qərəzdə ittiham edib.

Xatırlatma

Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvüdür. Ölkə bu quruma üzv olarkən insan hüquqları, demokratiya və bir sıra başqa məsələlərlə bağlı öz üzərinə öhdəliklər götürüb. Aradan 23 il keçsə də, Azərbaycan hələ də qurumun monitorinqi altındadır. Azərbaycan 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarını ratifikasiya edib.

 

 

Azadlıq Radiosu