Ayətullah Xamenei : Qəzzə müsibəti bəşəriyyətin müsibətidir

Peyğəmbəri-Əkrəm Həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyası üçün göndərildiyi gün – Məbəs bayramı günü hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də, bir qrup xalq nümayəndələri Ali Rəhbər Ayətullah Xamenei ilə görüşüblər.
"leader.ir" saytına istinadən bildirir ki, Ayətullah Xamenei görüş iştirakçılarını və dünya müsəlmanalrını Məbəs bayramı münasibətilə təbrik edərək bildirib ki, Peyğəmbərin göndərilməsi və dəvətinin qəbul edilməsi dünya və axirət səadəti və inkişafına səbəb oldu.
Ali Rəhbər Qəzzadakı acı durum və sionist rejimin cinayətlərinin davam etməsinə toxunaraq bildirib ki, Qəzzə müsibəti bəşəriyyətin müsibətidir və bu, onu göstərir ki, dünyanın hazırkı quruluşu tamamilə batildir, bu quruluş davam gətirə bilməz və məhv olacaq.
Ayətullah Xamenei bugünkü dünyada zülm və ədalətsizliyin geniş vüsət almasına toxunaraq bildirib ki, bu vəziyyətdən qurtulmaq və dünya insanlarının həyatını yaxşılaşdırmaq Peyğəmbərin dəvətini qəbul etmək, onun təlim və tərbiyəsindən bəhrələnməkdən asılıdır. "Bizim məsuliyyətimiz özümüzü islah etmək və ölkənin idarəçiliyinin İslam modeli olmasını göstərməkdir ki, bu sahədə dünyaya təsir bağışlayan nüfuzlu uğurlarımız olub. Əlbəttə, çatışmazlıqlarımız da olub.
Ali Rəhbər çıxışının başqa bir hissəsində Qəzzə faciəsinin davamına işarə edərək, bunu İslam dünyasının, hətta bütün bəşəriyyətin faciəsi adlandırıb və mövcud dünya nizamının batil olmasının zirvəsinə toxunub və qeyd edib ki, bu gün Amerika, İngiltərə, bir çox Avropa ölkələri və onların ardıcılları sionist rejimin cinayətkar və qana bulaşmış əllərinin arxasındadırlar. "Elə buradan anlamaq olar ki, mövcud dünya nizamı batil və dayanıqsızdır və yox olacaq."
Ali Rəhbər Qəzzada xəstəxanaların bombalanması və 30 minə yaxın insanın öldürülməsini Qərb mədəniyyəti və sivilizasiyası üçün rüsvayçılıq adlandırıb və deyib ki, bu cinayətlərin arxasında Amerikanın pulu, silahları və siyasi yardımları dayanır. Sionistlərin özlərinin də etiraf etdiyi kimi, Amerikanın silahları olmadan müharibəni bir gün belə davam etdirə bilməzdilər. Odur ki, bu acı hadisəyə görə amerikalılar da günahkar və məsuliyyət daşıyırlar.
Ayətullah Xamenei dünyanın böyük gücləri və Qərb tərəfdarlarının bu hadisədən geri çəkilməsini Qəzzə böhranının sona çatması üçün həll yolu adlandırıb və deyib: "Fələstinli mübarizlər meydanı idarə etməyə qadirdirlər, necə ki, bu günə qədər də meydanı idarə etməklə ağır zərbəyə məruz qalmayıblar.
 
Maidə.az