Avropa Şurasında Azərbaycanla bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Avropa Şurasında Azərbaycanla bağlı yaranmış vəziyyətə münasibət bildirib.
Abzas Media xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
“Azərbaycan avtokratik Rusiya və Belarusun addımları ilə gedir. Məyusedici və kədərli. Aİ-nin “etibarlı iqtisadi tərəfdaşı” olmaq istəyən ölkədən belə davranışlar gözlənilməzdir” – o, qeyd edib.
Kalyurand bundan əvvəlki çıxışlarında da bildirmişdi ki, Avropa Komissiyası Azərbaycanda jurnalistlərlə bağlı durumu yaxından izləyir.
Azərbaycanda son 3 ayda jurnalistlər və siyasətçilər kütləvi şəkildə həbs olunur. Həbslərin fonunda ölkədə növbədənkənar prezident seçkisi elan edilib.
Beynəlxalq aləm həbsləri pisləyib və həbs olunan şəxslərin azad edilməsinə çağrılıb. Fransa və Niderland parlamenti Azərbaycana sanksiyaların tətbiq edilməsilə bağlı sənəd qəbul edib.
Son olaraq Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini ratfikasiya etməyib və səlahiyyətlərini məhdudlaşdırıb. Bu, insan hüquqlarının vəziyyəti və Azərbaycanın bu təşkilatla əməkdaşlıq etməməsilə əlaqələndirilib.
Azərbaycan tərəfi isə deyilənlərin əsassız və qərəzli olduğunu bildirir, ittihamları rədd edir.
 
 
AbzasMedia
 
 
 
Bütün reaksiyalar