Onlar ölümlə çarpışan azadlıq dastanının müəllifləridir

Bir insanın öz haqlılıq səsini dünyaya eşitdirməsi, ona qarşı ədalətsiz davranışlara etiraz üçün həbsxanada yeganə mümkün addım aclıqdır. Qidadan imtina edən şəxsin fizioloji orqanlarında ehtiyaclar səbəbindən məhrumiyyət aclığın hər ötən günü həyəcan təbilini vurmaqdadır. Hər bir fərdimiz öz səhhətiimizdə qidaya olan ehtiyacımızın bir gün ərzində zəiflətmə təsirini nəzərə alsaq bunu yüksələn xətt üzərində günlərə, on günlüklərə yüksəldəndə vəziyyət təsəvvür edildiyindən də qorxunc bir mənzərə yaradır. Bir də buna həbs məhrumiyyəti, psixoloji təzyiq, haqsızlıq və ədalətsizlik kimi davranışlar əlavə olununca durum sözün əsil mənasında faciədir.
Azərbaycan cəmiyyəti artıq üçüncü ongünə daxil olan aclıq aksiyasına oturan Bəxtiyar Hacıyev və Səbuhi Səlimovun kritik durumundan xəbərdardır. 26 gündür aclıqda olan Bəxtiyar Hacıyev və 23 gündür aclığı davam etdirən Səbuhi Səlimovu hər an itirmə təhlükəmiz var. Məyər onların ölümlə çarpışan həyat hekayələrini bağlamaq üçün seyrçi olan dövlət orqanlarının onlara ünvanlanan bu problemin həllinə diqqətı bu qədərmi mümkünsüzdür? Hadisənin mərkəzində olan iki şəxsdən biri Avropanın, Qərbin ən yüksək təhsil ocağının məzunu, demokratiya uğrunda mübarizədə həyatını ölüm mücadiləsinə qoyan Bəxtiyar Hacıyev, digər tərəfində dini inancı, iman və inamı naminə son nəfəsini almaqda olan Qarabağ qazisi Səbuhi Səlimovdur. Hər iki, fərqli qütblərdən ucalan fəryada laqeyd münasibət nümayiş etdirən hakimiyyət, tam çılpaqlığı ilə birmənalı bütün bunların onun üçün əhəmiyyətsiz olduğunu göstərir. Bu göstəricidə o, hədəfini ən aydın nümayiş etdirərək vətəndaşının ölüm mücadiləsində qarşı tərəfi maraqlarının ziddi olaraq addımına görə ölümə məhkum olmaqla cəzalandırır. Bəs biz bir xalq, bir millət olaraq nə fikirdəyik? Bir tərəfdə demokratiya uğrunda mübarizə cəngavəri, digər tərəfdə İslam uğrunda fədakar olan inanclı. Qarşıda isə bütün bunlara seyrçi olan hakimiyyət olduğu halda onların arxasında bir xalq olaraq biz varıqmı?
 
MBH Mətbuat Katibliyi.