Rəsmilər hicabla bağlı məhdudiyyətin yalnız dövlət məktəblərinə aid olduğunu iddia etsələr də…

Vahid məktəbli geyimi qaydalarının tətbiqindən sonra hicablı şagirdlər həftələrdir məktəbə buraxılmaqda çətinliklə üzləşirlər. Bu məhdudiyyətin minlərlə şagirdi təhsildən məhrum etdiyi bildirilir. Vaxtilə hakimiyyət qız uşaqlarını məktəbə göndərməməkdə valideynləri günahlandırırdı. Bu gün isə məktəbə getmək istəyən qızlar elə həmin hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlə üzləşirlər.

Qanunun aliliyi prinsipinə istinad edərək şagirdlərdən yeni qaydalara uyğunlaşmaq tələb olunur. Acınacaqlısı budur ki, qanun ancaq xalqa çatanda aliləşir. Əsas sual budur: şagird təhsil almaq hüququ ilə dini inanc azadlığı arasında seçim etməyə məcbur qalanda ona hansı alternativ təklif olunur?

Fransada dövlət məktəblərində dini mənsubiyyəti açıq şəkildə göstərən geyim və nişanlara məhdudiyyət tətbiq edilir. Özəl məktəblərdə isə geyim qaydaları müəssisəyə görə fərqlənə bilir. Bu fərq ailələrə övladlarının dini inancına uyğun məktəb seçmək imkanı yaradır.

Azərbaycanda elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirmişdi ki, vahid məktəbli geyimi qaydaları dövlət ümumi təhsil müəssisələrinə şamil olunur. Bu açıqlamadan sonra özəl məktəb və liseylər hicablı şagirdlər üçün alternativ kimi görünürdü. Lakin yayılan məlumatlara görə, bəzi ailələr hələ qəbul mərhələsində maneələrlə üzləşiblər. Həmçinin «Simurq», «Hədəf», «Atatürk» və «Dəyanət» liseylərində hicablı şagirdlərə məktəbə başıaçıq gəlmək üçün 20 gün möhlət verildiyi iddia olunur.

Əgər özəl məktəblərdə də hicablı şagirdin dərsə buraxılması üçün hicabını çıxarması tələb olunursa, ailənin ölkə daxilində hansı seçimi qalır? Bəzi ailələr çıxış yolunu övladlarının təhsilini xaricdə davam etdirməsində görə bilər. Bəs buna imkanı çatmayan şagirdlər təhsillərini harada davam etdirəcəklər?