Sumqayıt şəhərində yanğınla müşahidə edilən partlayış baş verdiyi və xəsarət alanların olduğu bildirilir

Bu gün, mayın 20-də Sumqayıt şəhərində yanğınla müşahidə edilən partlayış baş verdiyi və xəsarət alanların olduğu bildirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, partlayış səbəbi ilə saat 12:20 radələrində beş nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda bildirilir.
Yerli saytlarda hadisənin Sumqayıt şəhərindəki müəssisələrdən birində baş verdiyi vurğulanır. Amma hadisənin səbəb və detalları açıqlanmır.
Məsələ ilə bağlı, hələlik, zərərçəkənlərin yaxınları və Fövqəladə Hallar Nazirliyi ilə danışmaq mümkün olmayıb.