İsrail Ordusu son 24 saatda Qəzzada 75 nöqtəyə hava zərbələri endirib

İsrail ordusu işğalın qalıcı olması üçün Qəzza zolağında quru hücumlarını genişləndirib və son 24 saatda havadan 75 nöqtəni də bombalayıb.

İsrailin təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına hücumları getdikcə intensivləşir.

İşğalın qalıcı olması üçün mayın 18-də quru hücumlarını genişləndirən İsrail ordusu Qəzzaya havadan bomba yağdırmağa davam edir.

Son bir həftədə Qəzzada hücumlar səbəbiylə 161 mindən çox fələstinli didərgin düşdüyü halda, Qəzzalılar İsrail ordusunun "evakuasiya əmri"nə görə qaçmağa məcbur edilir.

Ordudan verilən yazılı açıqlamada, son 24 saat ərzində Qəzzada 75 nöqtəyə hava hücumu təşkil edildiyi bildirilib. Hücumlarda fələstinli qruplara aid “hədəflərin” vurulduğu iddia edilib.

Digər tərəfdən, Fələstin mənbələrinin məlumatına görə, sionist İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə hava hücumları zamanı köçkün fələstinlilərin sığındıqları mülki ev və çadırları hədəf alıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada dünən verdiyi açıqlamada İsrailin son 24 saatda həyata keçirdiyi soyqırım hücumlarında çoxu qadın və uşaq olmaqla 107 nəfərin şəhid olduğu bildirilib.

Bildirilib ki, sionist İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 53 min 762 nəfərə, yaralıların sayı isə 122 min 197 nəfərə çatıb.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.