Günlərdir aclıq edən Niyaməddin Əhmədov hələ də müəssisədə baxımsız vəziyyətdədir

Martın 11-də cəza çəkdiyi 12 saylı müəssisədə karserə salınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov hələ də aclıq aksiyasını davam etdirir. O, karserə düşdüyü gündən qanunsuz cəzalanmasına etiraz olaraq quru aclığa başlayıb. Martın 17-də karser müddəti bitdiyi üçün o, quru aclığını dayandırsa da, ümumi aclıq aksiyasını o, hələ də sürdürür.

Bu barədə həbsxana rəhbərliyi məlumatlandırılıb, bunula belə Niyaməddin Əhmədovun səhhətində aclıq müddəti yaranan problemlərə baxmayaraq onun tibbi nəzarətə götürülməsi hələ ki, müəssisə tərəfindən icra edilmir. Buna səbəb isə rəhbərliyin onu cəzalandırması ehtimal edilir.

Artıq (6 günü quru olmaqla) 9 gündür ki, aclıq aksiyası keçirən Niyaməddin Əhmədov martın 11 də  xüsusi əşyaları içindən çıxan şerlə bağlı karserə salınmışdı. Belə ki, hakimiyyətin sərt tənqid olunduğu şerin müəsissə işçiləri tərəfindən aşkarlanması Niyaməddin Əhmədovla bağlı gərginliyə səbəb olmuşdu. Nəticədə N. Əhmədov 6 günlük karser cəzası ilə cəzalanmışdı. Niyaməddin bəy özü, tənqidi şerlərin saxlanılmasında heç bir qanun pozuntusu olmadığını müəssisə rəhbərliyinə bildirsə də, bu onun karser hökmünü dəyişməmişdi.

Karser müddətinin bitməsinə baxmayaraq Niyaməddin Əhmədov ona qarşı haqsız davranışlar səbəbindən aclıq aksiyasını hələ də davam etdirir.  

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov 2021-ci ilin 16 aprel tarixində karantin rejimini pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 sutka həbs edilir. Sonradan ona qarşı xaricdən pul almaqla terrorizmin maliyyələşdirilməsi kimi ittiham irəli sürülərək barəsində cinayət işi başlanır.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu terroru maliyyələşdirməkdə təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edir.