Bu gün Türkiyənin Zəfər bayramıdır

30 avqust Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır.

1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. 1920-ci ilin avqustunda 1-ci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı Türkiyəsi Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olub.

 

Həmin sazişə görə, Osmanlı imperatorluğu 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən, indiki Türkiyənin böyük bir hissəsini itirirdi.

Mustafa Kamal paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxan xalq İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşılayıb, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina edib.

Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün isə hər şeydən öncə hərb meydanında zəfər lazım idi.

1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.

1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal paşanın əmri ilə düşmən üzərinə hücuma keçib. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edilib.

30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirib. Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad edib, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil olib.

İki həftə içində türk ordusu 100 km enində cəbhə boyunca 500-600 km irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgəri canını fəda etmişdi...

30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atılıb. 

İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal paşa Türkiyə Cümhuriyyətini elan edib.