Bu gecə üçüncü əhyadır – Qədr gecəsinin əməlləri

Bu gecə Qədr gecəsinin olması ehtimalı böyük olan, həmçinin sonuncu fürsət kimi dəyərləndirilən gecədir. Bu gecədə əhya saxlamaq və Qədr gecəsinin əməllərini etmək lazımdır.

Az.shafaqna.com Qədr gecəsinin əməllərini təqdim edir:

1) Qüsl etmək. Qüsl edərkən belə niyyət edilməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah”. Bu qüslün böyük savabı vardır.

2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.

3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”.

4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir. İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.

5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s) və İmamların (ə) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.) Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.