'AbzasMedia' işi ilə bağlı daha bir jurnalist saxlanılıb

Yanvarın 13-də "AbzasMedia" işi üzrə polisdə dindirilməyə çağırılan jurnalist Elnarə Qasımova saxlanılıb. O, həmin gün axşam saat 5-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dindirilməyə çağrılmışdı. Təxminən iki saatdan sonra jurnalistin vəkili Bəhruz Bayramov idarədən çıxaraq jurnalistin qaçaqmalçılıq ittihamı ilə şübhəli şəxs qismində saxlanıldığını bildirib.

Vəkilin sözlərinə görə, jurnalist özünü təqsirli hesab etmir. O, vəkilinə həbsini gözlədiyini, heç bir cinayət törətmədiyini, qaçaqmalçılıq cinayətində iştirak etmədiyini deyib, həbsini media sahəsində fəaliyyəti ilə əlaqələndirib.

Elnarə Qasımova daha öncə də "AbzasMedia" işi üzrə dindirilib. Korrupsiya araşdırmaları ilə tanınan bu media orqanının bir neçə əməkdaşı, eləcə də onunla əməkdaşlıq etmiş jurnalistlər hazırda həbsdədir.

Elnarə Qasımova polisdə dindirilərkən jurnalistlərin BŞBPİ qarşısına toplanmasına, eləcə də şaxtalı havada yaxınlıqdakı kafelərə yığışmasına imkan verilməyib.

 

Xatırlatma

AbzasMedia ilə bağlı cinayət işi üzrə öncə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və AbzasMedia-nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ardından noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı tutulub.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. Ü.Həsənli AbzasMedia-nın ofisində pul olmadığını, oradan tapıldığı iddia edən 40 min avronu polislərin özlərinin oraya atdığını bəyan edib.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

 

Azadlıq Radiosu