AbzasMedia bəyanat yayaraq bundan sonrakı fəaliyyətini ölkə xaricindən davam edəcəyini bildirib

AbzasMedia bəyanat yayaraq bundan sonrakı fəaliyyətini ölkə xaricindən davam edəcəyini bildirib. Məlumatı qrum sayt hesabında yayaraq sonrakı fəaliyyətlərinin ölkədə mümkünsüzlüyünə diqqət çəkib. Bəyanatda deyilir:

"Son 3 ayda “AbzasMedia”nın rəhbərliyi və bütün redaksiya heyəti “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Bizimlə əməkdaşlıq edənlər təzyiqlərə, bank hesablarının dondurulmasına və ölkədən çıxış qadağalarına məruz qalıblar. Bu həbs və təzyiqlərin siyasi motivli olduğunu və apardığımız korrupsiya araşdırmalarının qarşısını almaq məqsədi daşıdığını bir daha qeyd edirik.

Hökumət “Abzas Media”nın əməkdaşlarını həbs etməklə onun resurslarını tükəndirib və yaranmış repressiv mühit Azərbaycandan fəaliyyəti artıq mümkünsüz edir. Bu səbəblə həbsdə olan “Abzas media” rəhbərliyinin istəyi ilə bu dövrdə müvəqqəti baş redaktor vəzifəsini Leyla Mustafayeva yerinə yetirəcək. O, Avropanın müxtəlif ölkələrinə səpələnmiş yeni redaksiya heyətinin işinə nəzarət edəcək.

Biz jurnalist fəaliyyəti üçün təhlükəsiz mühitin yaradılmasının vacibliyini başa düşürük və bu çətin dövrlərdə söz azadlığına dəyər verən qlobal ictimaiyyətin və əcnəbi həmkarlarımızın dəstəyini yüksək qiymətləndiririk.

Bu çətin günlərdə nümayiş etdirdiyiniz anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik. “Abzas Media” hazırkı şəraitdə belə jurnalistika prinsiplərini qoruyaraq dəqiq və qərəzsiz xəbərlər çatdırmağa sadiq qalacaq."