Yəmən hökuməti və husilər BMT-nin vasitəçiliyi ilə danışıqlara başlayıb

Yəmən hökuməti və husi üsyançıları İsveçrədə əsirlərin mübadiləsinə dair danışıqlara başlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq və Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri arasında vasitəçi kimi çıxış edirlər. Qrundberq mümkün qədər çox məhbusu azad etməyə çağırıb.

Danışıqlar 2018-ci ildə bağlanmış saziş üzrə davam edir. Daha sonra münaqişə tərəfləri heç bir şərt olmadan bütün məhbusları azad etməyə razılaşıblar. Bundan sonra Yəmən hökuməti və husilər bir neçə əsir mübadiləsi aparıblar.

Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Ərəb koalisiyası Yəmən prezidenti Abd Rabbo Mansur Hadinin qüvvələrini dəstəkləyir.