WSJ: Tərəfdaşları olmasa idi, İsrail İranın hücumuna tab gətirə bilməzdi

İsrail Amerika Birləşmiş Ştatları (ABŞ), digər Qərb və regional hərbi tərəfdaşların köməyi olmadan İranın aprelin 13-də gerçəkləşdirdiyi əməliyyatına dayana bilməzdi.

Bu, "The Wall Street Journal"da (WSJ) yazılıb.

Nəşrin məlumatına görə, İsrail dövləti, əsasən, ABŞ və digər müttəfiqlərin verdiyi hava hücumundan müdafiə sistemləri, başqa silahlar sayəsində dronların, raketlərin əksəriyyətini tuta bilib.

WSJ-nin vurğulamasına görə, ABŞ, Britaniya və İordaniya döyüş təyyarələri dronların vurulmasında "böyük rol oynayıb".

Qəzetdə yazılır ki, amma İsrailin müttəfiqlərinin dəstəyi ilə belə bir təcrübəni "total müharibə şəraitində" təkrarlayacağı, xüsusən də "Arrow" və "Patriot" kimi sistemlərin yüksək qiyməti nəzərə alınsa, təkbaşına hücumlara tab gətirəcəyi bəlli deyil. Nəşrdə yazılanlara görə, bu məsələ İsrailin İranın zərbəsinə cavab verməyə hazırlığı fonunda əsas amil olaraq qalır.

WSJ qeyd edir ki, İsrail dövlətinin sərt cavabı regionda dağıdıcı nəticələrə gətirib çıxaracaq, əks hal isə onu və müttəfiqlərini "daha zəif" edəcək. Bundan əlavə, İsrail Yaxın Şərqdəki tərəfdaşlarının, o cümlədən onu kəşfiyyat məlumatları ilə təmin etmiş, habelə hava məkanını açmış İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maraqlarını nəzərə almalıdır.

WSJ daha əvvəl bildirmişdi ki, İsrail tezliklə İranın onun hərbi obyektlərinə hücumuna cavab olaraq hərəkətə keçə bilər. Nəşr bunun gününü dəqiq göstərməyib. Qəzetin mənbələri ABŞ-ın İsrailin belə hücum əməliyyatının heç birində iştirak etməyəcəyini vurğulayıb. Vaşinqton israr edir ki, İsrail dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir şey etməməlidir.

 

AzadlıqRadiosu