Tofiq Yaqublu hakimə: "0.1% ədalət kifayətdir ki, günahsız olduğumu etiraf edəsiniz"

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun noyabrın 6-da Ali Məhkəmədə təyin olunan iclası təxirə salınıb. 

Bu barədə T.Yaqublunun qızı Nigar Həzi "Facebook" səhifəsində xəbər verib. Onun sözlərinə görə, buna səbəb məhkəmə iclasına sədrlik edən hakim İlqar Qılıcovun T.Yaqubluya geniş çıxış üçün söz vermək istəməsi olub. 

İ.Qılıcov məhkəməni növbəti 3 həftə ərzində təyin edəcəyini bildirib. 

"Tofiq bəy, görürəm siz geniş çıxış etmək istəyirsiniz. Bilirsiniz ki, Ali Məhkəmədə ancaq prosessual pozuntulara baxılır. Ancaq vəkillər də təsdiqləyər ki, Ali Məhkəmədə heç kimə çıxış üçün vaxt verilmir. Ancaq mən sizə bu imkanı yaradıram. Bu gün həm də məhkəmələr çoxdur. Gəlin, biz sizə növbəti 3 həftə içində bir cümə günü təyin edək və o gün rahat çıxış edin”, - hakim bildirib. 

T.Yaqublu isə hakimə cavabında bunları deyib:

“Əgər elə növbəti həftə də gəlib aşağı instansiya məhkəməsindəki hakimlərin dediyini deyəcəksinizsə, elə indidən deyin. O hakimlərə bu qədər sübut təqdim edəndən sonra ləyaqətsiz və tərbiyəsiz olduqlarını boyunlarına aldılar. İlqar bəy, mən sizdən 1 faiz yox, 0,1 faiz ədalət və 0,1 faiz ləyaqət və kişilik istəyirəm. Bu kifayətdir ki, mənim günahsız olduğumu etiraf edəsiniz”.

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü isə ittihamları qurama sayır. 

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.