Rusiyadan Azərbaycana göndərilən pulun məbləği 2,7 dəfə azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının Xaricdən daxil olan fiziki şəxslərin pul baratları barədə hesabatında deyilir.

Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə və ya 1 milyard 437,9 milyon dollar azdır.

Hesabata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267.3 milyon dollar pul baratları daxil olub.

Bu ilin 9 ayı ərzində Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ölkəyə bu qəbildən ümumi daxilolmaların 64.8%-ni təşkil edib. Ötən il bu, ümumi daxilolmaların 81,6 faizini təşkil edib.

İqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalması təbiidir.

“Rusiyaya qarşı sanksiyaların tətbiq olunması bu ölkədə rublun dollara nisbətən kifayət qədər ucuzlaşmasına səbəb olub. Belə ki, Rusiyada olan azərbaycanlılar qazancı rublla əldə edir və sonra rublu dollara dəyişərək ölkəyə göndərir. Həm də Azərbaycan artıq Rusiyanın bir çox ödəniş kartlarını qəbul etmir. Sanksiyalara görə Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmə sistemi ilə də pul qəbul etmir. Təkcə Rusiyanın daxili pul köçürmə sistemi işləyir. Onların da hamısı Azərbaycanda işləmir. Bütün bu texniki və iqtisadi səbəblər Rusiyadan göndərilən pul vəsaitinin həcmini azaldıb”, o qeyd edib.

Təhlilçi hesab edir ki, Rusiyadan göndərilən pul vəsaitlərinin azalması Azərbaycanın bir sıra regionlarında sosial-iqtisadi problemlərə səbəb olur və bu problem getdikcə arta bilər.

“Azərbaycanda elə rayonlar var ki, orada Rusiyadan gələn vəsaitlər çox önəmli rol oynayır”, Cəfərli bildirib.