Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi bildirilir

Həbsdə olan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun səhhəti ağır olaraq qalır.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 12-də onun qardaşı Qalib Toğrul "Turan" informasiya agentliyinə açıqlamasında bildirib.

Qalib Toğrulun sözlərinə görə, qardaşının səhhətində son günlər kəskin pisləşmə qeydə alınıb:

"Növbəti müayinəsindən sonra qardaşıma polineyropatiya diaqnozu qoyulub, 10 gün sistem köçürülməsi və sonra bir ay dərman müalicəsi təyin edilib. Son 7 ayda şəkərin aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır".

Qalib Toğrul həmçinin bildirib ki, qardaşının səhhətinin kəskin pisləşməsinə baxmayaraq, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun müalicə müəssisəsinə köçürülməsinə imkan vermir:

"Bir həftədən sonra istintaq dövrünün ikinci uzadılma müddəti başa çatır və son 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb".

Məsələ ilə bağlı Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Xatırladaq ki, Qubad İbadoğlu ötən il iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.  

Qubad İbadoğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

Siyasətçi ittihamları rədd edir və həbsinin siyasi fəaliyyətinə görə olduğunu bəyan edir.