Fürsət burulğanında

On bir il öncə “Nardaran hadisəsi” kimi tanınan qanlı olay baş verəndə çoxları bunun ölkədə yeni həbs dalğasına yol açacaq bir sınaq kimi ortaya çıxmasını təsəvvür belə etmirdi. Arxasında bir çox dövlət cinayətinin gizləndiyi həmin gün efirdə kimlərinsə ləkələmə oyununa hesablanan böyük şou nümayiş etdirildi və kütləni inandırmaq üçün bu şou məharətlə oynanıldı.

Az sayda insan istisna olmaqla, hətta məhkəmə prosesində ittihamların saxta olduğunu sübut edən dəlillər ortaya qoyulmasına baxmayaraq, bəzi sadəlövh dostlarımız belə bu işin həqiqətinə müxtəlif ittiham pərdələri asa bildilər. İllər keçib. Artıq uzun bir zamanı geridə qoyduğumuz bu müddət ərzində neçə-neçə ağlagəlməz, qurama “cinayət”ə şahidlik etdik.

Ölkənin siyasi həbs siyahısı durmadan artmağa davam edərkən, ilk növbədə fikir və güc sahibləri, siyasi və sosial nüfuz daşıyıcıları bir zamanlar inandıqları bu oyunun qurbanına çevrildilər. Təsəvvürəgəlməz bir acı cəmiyyətimizi qütbləşmiş, təkdüşüncəli və monoton bir hala gətirdi. Liderlər, siyasi fikir daşıyıcıları, cəmiyyətdə fərqli ideoloji düşüncələrin formalaşmasına təkan verəcək şəxslər ya susduruldu, ya sürgünə məhkum edildi, yaxşı halda həbs olundu, pis halda isə öldürüldü.

O zaman baş verənləri az qala hər birimiz öz evimizdə yaşamağa başladıq. Əgər kimsə siyasi həbslərin statistik göstəricilərini çıxarmağa çalışsa, bu müddət ərzində nə qədər insanın konstitusion quruluşu dəyişdirmək, çevrilişə cəhd kimi ittihamlarla məhkəmə qarşısına çıxarıldığının şahidi olar. Artıq “hamınızın qapısı döyüləcək, vaxt var ikən dayanın” çağırışı bu gün, doğrudan da, hər kəsin qapısını döydü.

Günümüzdə bütün ölkə keçmiş sovet sistemi kimi gərgin, qadağalarla zəngin, vergilərlə sərt, qanunların yetərsiz olduğu bir vəziyyətlə üz-üzə qalıb. Dünən mətbuatda troll qoşunları yetişdirən Əli Həsənovlar bu gün Allaha yalvarırlar ki, mətbuat onları unutsun, barələrində bir sətir belə dərc etməsin, gecə yarısı onların da qapısı döyülməsin. Vergi hakimləri, icra başçıları, generallar və daha kimlər, kimlər bu siyahıda eyni vahiməni yaşayırlar.

“Tale tələsdi” deyənlər yaxşı halda ölkə hüdudlarından kənara köçməyə məcbur oldular. Digərləri isə ümidsizcə öz qız övladlarının üzünə baxmağa xəcalət çəkərkən, bu on bir ildə sərtləşən dini məhdudiyyətlərin yaratdığı mənzərə ilə üzləşirlər.

Bu sistem “İran casusu” damğası vuraraq inanclı insanlara öz dini dəyərlərini yaşamağa imkan vermədiyi kimi, “Avropa casusu” damğası ilə demokratları da şərləyərək ölkəni onlar üçün də cəhənnəmə çevirdi. İlk olaraq bizi, bu gün isə hamını eyni dəyirmanda üyüdən hakimiyyət dinlini dinsizə, türkü pantürkə, demokratı inanclıya, ağını qaraya — bir sözlə, bir-birini qarşı-qarşıya qoyaraq düşmən obrazına çevirdi. Nəticədə bu gün yaranmış dərin böhranlı vəziyyət heç kəsi bu məşəqqətdən amanda qoymur.

Bəlkə də ətrafı qaranlıq bürüyən bu fəzada hələ çox zəif bir işartı, son şölələr sönmədən yanır. Onun alovlanması, böyük bir atəşə çevrilməsi, eyni səhvlərə yol vermədən, keçmişdən ibrət alaraq nəticə çıxarmaq üçün bir daha düşünmək fürsətindəyik.

26 noyabr Nardaranda baş verən həmin qanlı hadisədən düz on bir il ötür…