Hicab qadağasına etiraz edərək aclıq edən məhbusun ailəsi 22 gündür ondan xəbər tuta bilmir

Məktəblərdə hicab məhdudiyyətinə etiraz olaraq oktyabrın 16-dan aclıq edən məhbus Elman Şeydayevin ailəsi 22 gündür onunla əlaqə saxlaya bilmir.

“Meydan TV” yaxınlarına istinadən yazır ki, Şeydayev 6 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayandan sonra cəza kamerasına (“karser”) salınıb. Ailənin digər məhbusların yaxınları vasitəsilə aldığı məlumata görə, o, hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsindədir, amma ailə onun səhhəti barədə heç bir məlumat ala bilmir.

Elman Şeydayev 2022-ci ilin fevralında narkotik ittihamı ilə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə ona 7 il həbs cəzası verilib.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli forması, oktyabrın 6-da isə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləyib. Qərarlarda hicabın adı çəkilməsə də, bundan sonra hicablı şagird və müəllimlər məktəblərə buraxılmayıb və bu, ölkənin müxtəlif yerlərində etirazlara səbəb olub.

Daxili İşlər Nazirliyi oktyabrın 12-də etirazlarla bağlı 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirlik onları ictimai qaydanı pozmağa və təhsil müəssisələrinin işinə mane olmağa cəhd etməkdə ittiham edir; Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb.

Həmin vaxt həbsdə olan bir qrup dindar da aclıq aksiyasına başlayıb. “Meydan TV”nin yazdığına görə, sonradan onların aclığa görə zorakılığa və işgəncəyə məruz qaldıqları barədə məlumatlar yayılıb.