Dövlət ittihamçısı Samir Babayevin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib

Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi məhbus Samir Babayevin növbəti məhkəmə iclası keçirilib.

İclasda çıxış edən dövlət ittihamçısı məhkəmə prosesində dinlənilən şahidlərin ifadələrinə istinad edərək ittihamı əsaslandırmağa çalışıb. Çıxışının sonunda o, Samir Babayevin Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq, əldə etmək, saxlamaq, daşımaq, göndərmək və ya satmaq) maddəsi ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Samir Babayev dövlət ittihamçısının tələbini «kinli nifrət» adlandırıb. O bildirib ki, ömrünü ibadətlə keçirən bir insana narkotik satışı ittihamının irəli sürülməsini hakimiyyətin İslama və inanclılara qarşı münasibətinin təzahürü hesab edir. Babayev zamanın kimin saxtakar, kimin zalım olduğunu göstərəcəyinə və ədalətin öz yerini tapacağına inandığını deyib. O əlavə edib ki, qorxmalı olduqları gün məhz o gündür.

Növbəti məhkəmə iclası noyabrın 18-də saat 10:00 - a təyin edilib.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Samir Əbdülxaliq oğlu Babayev 2026-cı il martın 6-da saxlanılıb. Yayılan səs yazısında Babayev saxlanıldıqdan sonra müxtəlif polis idarələrində işgəncəyə məruz qaldığını bildirib.