İsrail mediası: Səudiyyəlilər də BƏƏ-İsrail görüşündə iştirak ediblər

BƏƏ-də Netanyahu ilə BƏƏ Prezidenti Məhəmməd bin Zayed arasında keçirilən görüşdə Səudiyyə Ərəbistanı da daxil olmaqla, digər ərəb ölkələrinin nümayəndələri iştirak ediblər; müzakirələr təhlükəsizlik sahəsində əməkdaşlıq və İran və Yəmənə qarşı ortaq bir oxun formalaşdırılması məsələlərinə yönəlib.

İsrailin "Channel 14" kanalının məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu ilə BƏƏ Prezidenti Məhəmməd bin Zayed arasında baş tutan gizli səfərdən sonra Əbu-Dabi bu görüşlə bağlı ilk rəsmi bəyanatını yayıb.

BƏƏ rəhbərliyi bildirib ki, görüşdə iki ölkə arasındakı münasibətlər, eləcə də bu əlaqələrin "gücləndirilməsi və inkişaf etdirilməsi" yolları müzakirə olunub.

Bu bəyanat görüşlə bağlı yeni təfərrüatların üzə çıxmasından və toplantıda digər ölkələrin – o cümlədən digər ərəb dövlətlərinin – nümayəndələrinin iştirak etdiyinin məlum olmasından sonra verilib. "Channel 14"-ün hesabatında aşağıdakılar qeyd olunub:

"Baş nazir Netanyahu gizli səfər zamanı BƏƏ-də təxminən altı saat keçirib. İsrail tərəfindən səfəröncəsi koordinasiyanı həyata keçirən "Mossad" rəsmisi Roman Qofman da onu müşayiət edib.

Əvvəllər də xəbər verdiyimiz kimi, görüşdə Səudiyyə Ərəbistanı da daxil olmaqla, digər ərəb ölkələrinin nümayəndələri də iştirak ediblər. Bildirilib ki, görüşün məqsədi təkcə ikitərəfli münasibətləri gücləndirmək deyil, həm də İran məsələsində ABŞ-a dəstəkdə vahid mövqe formalaşdırmaq olub.

Bu məqsəd Netanyahunun Vaşinqton və Tehran arasında formalaşmaqda olan potensial razılaşma ilə bağlı narahatlıqları, eləcə də İsrailin İrana qarşı mümkün əməliyyata hazırlaşması zərurəti kontekstində müzakirə edilib.

Təşəbbüs Vaşinqtona təzyiq göstərməyi və eyni zamanda, İsrailin İrana qarşı müdaxilə etmək məcburiyyətində qala biləcəyi ehtimalına hazırlaşmağı hədəfləyir." İsrailli jurnalist Dror Balazada "Channel 14" kanalında Meggi Tabibinin aparıcılıq etdiyi verilişdə çıxış edərkən aşağıdakı fikirləri səsləndirib:

"Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmisi ilə söhbətimizə əsasən, görüşdə Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra digər ərəb ölkələrinin nümayəndələri də iştirak ediblər.

Həmin rəsmi əlavə edir ki, Bin Zayedlə görüş təşəbbüsü Netanyahuya məxsus olub. Görüş iki hissədən ibarət idi. Birinci hissədə Bin Zayed, Netanyahu və İsraillə Əmirliklərdən olan digər nümayəndələr iştirak ediblər.

Qeyd etdiyimiz kimi, ikinci hissədə isə Səudiyyə Ərəbistanı da daxil olmaqla, digər ərəb ölkələrinin nümayəndələri iştirak ediblər.

Görüşdə üç mövzu müzakirə olunub: təhlükəsizlik sahəsində əməkdaşlığın – xüsusilə hava hücumundan müdafiə sistemləri və "Dəmir Günbəz" (Iron Dome) ilə bağlı məsələlərin – davam etdirilməsi; İran və husilərə qarşı mübarizənin davam etdirilməsi; və İrana qarşı durmaq məqsədi daşıyan bir oxun və ya koalisiyanın yaradılması.

Əldə etdiyimiz məlumata görə, İsrail tərəfindən bu işə cavabdeh olan şəxs İsrailin Əbu-Dabidəki səfiri Yossi Şellidir."