Nurlan Libre Bakı İstintaq Təcridxanasının əməkdaşı tərəfindən zorakılığa məruz qaldığını deyir

Həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) saxlanıldığı Bakı İstintaq Təcridxanasının əməkdaşı tərəfindən zorakılığa məruz qaldığını deyir.

Bu barədə müraciət mayın 12-də jurnalistin sosial media hesabında ictimailəşdirilib.

N.Librenin iddiasına görə, mayın 2-də təcridxananın giziri İsmət Əliyev onu "provokasiyaya çəkib və aralarında mübahisə yaranıb".

"Gizir Əliyev məni döydü, qollarımı barmaqlıqların arasından sıxıb, daha sonra arxadan qandallayıb yuxarı doğru burdu. Qollarımda qandalın izləri qalır", - o qeyd edib.

Adı çəkilən əməkdaş və təcridxana rəhbərliyi iddiaya münasibət bildirməyib.

Bu yaxınlarda "Toplum TV işi" üzrə həbsdə olan Ramil Babayev də daxil olmaqla bir sıra məhbuslar Bakı İstintaq Təcridxanasında zorakılıq hallarının olmasını ictimailəşdiriblər. R.Babayevin sözlərinə görə, təcridxana əməkdaşları boş qalan rəis müavini vəzifəsinə təyin olunmaq üçün həmişəkindən daha çox zorakılıq göstərirlər, çünki bu əməllər rəhbərlik tərəfindən yüksək qiymətləndirilir.

Rəsmilər isə bir qayda olaraq təcridxanalar və həbsxanalarda zorakılığın olmasını təkzib edir.