Qəzza üçün 7 milyard dollar yığılıb. Azərbaycan da pul verən ölkələr sırasındadır

ABŞ prezidenti Donald Tramp fevralın 19-da Sülh Şurasının iclasında Qəzza üçün 7 milyard dollar yığıldığını elan edib. O, Azərbaycan, Qazaxıstan və Özbəkistanın bu məbləğə töhfə verən ölkələr sırasında olduğunu deyib.

“Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə toplam 7 milyard dollardan çox vəsait ödəyiblər”, – Tramp Vaşinqtonda şuranın ilk iclasında bildirib.

 

BMT də humanitar yardım ayıracaq

Qəzzanın bərpası fondunun məqsədi HƏMAS qruplaşması tərksilah olunandan sonra anklavın yenidən qurulmasıdır. ABŞ və Aİ qruplaşmanı terrorçu kimi tanıyır.

D.Tramp Birləşmiş Ştatların Sülh Şurasına 10 milyard dollar ayıracağını deyib. Onun sözlərinə görə, 7 milyard Qəzzanın bərpası üçün ilkin ödəniş kimi yığılıb.

ABŞ prezidenti deyir ki, FIFA Qəzzada futbolla bağlı layihələrə 75 milyon, BMT isə humanitar yardım üçün 2 milyard dollar ayıracaq.

 

HƏMAS silahı yerə qoyacaqmı?

Tramp HƏMAS-ın tərksilahı üçün gücdən istifadənin lazım olmayacağına ümidini bildirib. Dediyinə görə, HƏMAS silahı yerə qoymaq vədi verib və “görünür, bunu edəcəklər, amma biləcəyik”.

İsrailin baş naziri Benyamin Netanyahu isə İsraildə deyib ki, HƏMAS istənilən halda tərksilah olacaq. “Tezliklə HƏMAS dilemma qarşısında qalacaq – ya dinc yolla silahı yerə qoyacaq, ya da zorla tərksilah olacaq”, – o söyləyib.

Atəşkəsə beynəlxalq qüvvə nəzarət etməli, “İsrailin işğalı davam etdirməsinin qarşısını almalıdır”. Bunu isə HƏMAS-ın sözçüsü Hazem Qasem Qəzzada deyib, tərksilahı müzakirə etməyin mümkün olduğunu sözlərinə əlavə edib.

 

Rubio: Qəzza üçün B planı yoxdur

Qəzza üçün prezidenti Donald Trampın Sülh Şurası təşəbbüsündən savayı B planı yoxdur. Bunu ABŞ-nin dövlət katibi Marko Rubio fevralın 19-da qurumun ilk iclasında deyib.

“Bunu nizama salmalıyıq. Qəzza üçün B planı yoxdur. B planı müharibəyə qayıtmaqdır. Burada heç kim bunu istəmir”, – Rubio vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Birləşmiş Ştatlara səfər edib. O, Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün ABŞ prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə gedib.

Paşinyan ABŞ-yə yola düşüb

Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ştatlara yola düşüb. O, fevralın 19-da Vaşinqtonda Sülh Şurasının iclasının açılışına qatılacaq.

Ermənistan və Azərbaycan liderləri ötən ay Davos İqtisadi Forumu çərçivəsində Şuranın nizamnaməsinin imzalanma mərasimində iştirak ediblər.