“Baku TV” və “Report”un arxasında kim dayanır?

Azərbaycanda hakimiyyətin birbaşa nəzarətində olan və maliyyələşdirilən media orqanları mütəmadi şəkildə müstəqil medialar –  AbzasMedia, Toplum TV, Meydan TV və digər şəxslərlə bağlı ibtidai istintaq gedən zaman onları qaçaqmalçılıqda ittiham edən, həmin işlər üzrə sübut kimi təqdim edilən və yalnız istintaqla əldə edilə bilən məlumatlar paylaşır və həmin şəxslərə qarşı ittihamlar irəli sürür, qaralama kampaniyası aparırlar.

Qanuna görə isə, istintaq dövründə bu məlumatların yayılması qadağandır, hətta bu işlər üzrə dindirilən şahidlərə də “İltizam aktı”na imza atdırılır ki, istintaq sirri açılmasın.

Bu qəbildən reportajlar hazırlayan kanalların başında isə məhz “Baku TV” gəlir. Kanalın hardan maliyyələşməsi, kimlər tərəfindən idarə olunmasını araşdırmışıq.

 

İlk iddia tanınmış hakimiyyətyönlü jurnalistdən gəldi

Azərbaycan dövlət qurumlarında mətbuat xidmətinin rəhbəri işləmiş, hakimiyyətyönlü jurnalist hesab olunan Tural Müseyibov “Bolmart” marketlər şəbəkəsi, onun sahibi Adnan Əhmədzadə və “Baku TV” haqqında maraqlı iddialar səsləndirib.

O deyib ki, “Bolmart”ın Adnan Əhmədzadənin adı ilə bağlı olduğu bildirilir. Eyniylə “Rahat Marketlər Şəbəkəsi”nin də onun olduğu kimi:

“Və bir faktı da qeyd eləmək istəyirəm ki, mən zamanında, “Baku TV”də çalışanda xəbərsiz edim, “Bolmart” ilə bağlı bir tənqidi reportaj paylaşmışdım. Mənə zəng etdilər rəhbərlikdən və dedilər ki, bura bizimdir. Və həmin reportajı dayandırmışdılar. Bu da onun göstəricisidir ki, “Bolmart” həqiqətən də Adnan Əhmədzadənin adı ilə bağlıdır”, – deyə Tural Müseyibov videonun sonunda qeyd edib.

 

 

 “Rahat və Bolmart” Marketlər Şəbəkəsi kimindir?

Açıq mənbələrdə dərc edilən maliyyə hesabatlarında göstərilir ki, “Bolmart” MMC-nin yeganə səhmdarı “Pro-Mart” MMC adlı şirkətdir. 2022-ci ilin dekabr tarixində isə “Pro-Mart” şirkətinin iki səhmdarı olduğu qeyd olunub: “AZ FAST MOVİNG BUSİNESS” MMC və “UNİTRADE GROUP” MMC.

Azərbaycan qanunvericiliyində 2012-ci ildən etibarən şirkətlərin səhmdarları və təsisçiləri ilə bağlı məlumatlar kommersiya sirri hesab olunduğu üçün bu şirkətlərin əsl sahiblərinin kimin olmasını Meydan TV üzə çıxara bilməyib.

Lakin, “Bolmart” şirkətinin rəsmi saytında Adnan Əhmədzadənin Naxçıvan filialının açılışında əsas şəxs kimi iştirak etdiyi görünür, eyni zamanda “Report” İnformasiya Agentliyi də onu digər supermarket zənciri olan “Rahat Market” ilə birlikdə təqdim edib. 

“Rahat Market”in saytında da qeyd edildiyi kimi marketlər şəbəkəsi “ANC GROUP” MMC-yə aiddir. “ANC GROUP” MMC şirkətinin təsisçisi isə rəsmi sənədlərə görə Adnan Azər oğlu Əhmədzadədir. Həmçinin “Port Baku Bazar” marketi də bu qrupa məxsusdur. Əhmədzadə həm də “CarsCharge” şəbəkəsinin təsisçisidir.

 

Adnan Əhmədzadə ilə əlaqədar xatırlatma

“Baku TV” kimindir və kim idarə edir?

“Baku TV” 2018-ci ildə bloger Orxan Əliəkbər oğlu Məmmədov tərəfindən təsis edilsə də, hazırda direktoru “Space” televiziyasında şöbə rəisi olmuş Ramin Natiq oğlu Cəfərovdur. Lakin kanalı idarə və kurasiya edən Elnur Nazim oğlu Abdullayevdir.

“Baku TV” rəsmi sənədlərdə “Global Media Group“-a daxildir. “Global Media Group” MMC-nin  hazırda qanuni təmsilçisi isə Elnur Nazim oğlu Abdullayevdir. “Global Media Group”un tərkibinə daxil olan medialar: “Baku TV”, “Haber Global”, “Report – İnformasiya Agentliyi”, “Media.Az”, “Oxu.Az”, “Baku.ws”, “Caliber.Az”,  “Kaspi qəzeti”.

“Baku TV”-nin yaradıcısı Orxan Məmmədov və kanalı idarə edən Elnur Abdullayev – Instagram

Elnur Abdullayev mətbuatda Ziya Məmmədovun kadrı kimi tanınıb. O, 2015-ci ildə dövrün Nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi. Bu təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində işləyib.

Elnur Abdullayev 2020-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Elnur Abdullayev isə Adnan Əhmədzadənin ən yaxın dostlarından biridir. Orxan Məmmədovun da Adnan Əhmədzadə ilə yaxınlıq əlaqəsi mövcuddur. Bütün bu əlaqələr adları çəkilən şəxslərin Instagram hesablarında öz əksini tapıb.

 

Bir balaca “Report” barədə…

Bütün bunlarla bərabər, “Report” özünü müstəqil informasiya agentliyi və ölkədə baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırdığını iddia etsə də, bütün dünya mediasının, həmçinin Azərbaycanın gündəmində olan hadisə, yəni həbs olunduğu gün Adnan Əhmədzadənin saxlanılması, həbs olunması ilə əlaqədar heç bir xəbər, məlumat paylaşmadı.

Zamanında hökumətyönlü mediada da “Report” İnformasiya Agentliyinin SOCAR dövlət neft şirkətinin sərmayəsi və dəstəyi ilə yaradıldığı iddia edilmişdi.

 

MeydanTV