ABŞ apellyasiya məhkəməsi Azadlıq Radiosunun xeyrinə qərar çıxarıb

ABŞ apellyasiya məhkəməsi Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) xeyrinə qərar çıxarıb. Belə ki, məhkəmə elə eyni məhkəmənin üç hakimdən ibarət heyətinin bir neçə saat öncə çıxardığı qərarın icrasını dayandırıb.
Öncəki qərarla radionun maliyyəsinin ödənməsinə dair aşağı instansiya məhkəməsinin qərarı dayandırılmışdı. Mayın 7-də axşam Kolumbiya Dairəsi üzrə ABŞ Apellyasiya Məhkəmənin 11 hakimdən ibarət heyətinin çıxardığı qərar isə üç hakimlik heyətin qərarına "inzibati fasilə" tətbiq edib.
RFE/RL ona nəzarət edən ABŞ Qlobal Media Agentliyini (USAGM) məhkəməyə verərək hazırkı maliyyə ilinin ikinci yarısı üçün dondurulmuş büdcə vəsaitini tələb edir.
Mayın 7-də üç hakimdən ibarət apellyasiya məhkəməsi heyəti bu qərarın icrasını dayandırmaqla radionun onsuz da məhdudlaşdırılmış əməliyyatlarına təhlükəni artırmışdı.
Bundan bir neçə saat sonra RFE/RL-in təcili vəsatətinə baxan 11 nəfərlik məhkəmə öncəki heyətin qərarına məhkəmənin "növbəti" hökmünədək fasilə verib. Sonuncu qərar 7-4 səs fərqi ilə çıxarılıb, narazı qalan dörd nəfər respublikaçıların təyin etdiyi hakimlərdir.
Bu qərar o deməkdir ki, USAGM hakim Lambertin 29 aprel qərarına əməl edərək RFE/RL-in pulunu köçürməlidir.
Amma bu da məhkəmənin son qərarı sayılmır, USAGM ABŞ Ali Məhkəməsinə müraciət edə, sonuncu da işə baxa, yaxud baxmaqdan imtina edə bilər.