Mərkəzi Bank uçot dərəcəsini endirib

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini endirib.

AMB-nin məlumatına görə, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5-dən 8 faizə, faiz dəhlizinin aşağı həddi 7-dən 6.5-ə, yuxarı həddi isə 9.5-dən 9-a endirilib.

Bildirilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.

Qurum vurğulayıb ki, 2023-cü ilin noyabrında illik inflyasiya 2.6 faiz təşkil edib.

İzah

Uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək - azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir. Amma bir çox hallarda Azərbaycanda belə olmur. Müstəqil iqtisadçılar deyirlər ki, Azərbaycanda uçot dərəcəsi formal xarakter daşıyır.