MBH ailəsinin daha bir üzvü Şahin Qədirliyə hökm oxunub

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda tərəflər çıxış edib. Son söz alan vəkil, bütün məhkəmə boyu iddia olunan narkotiklərlə bağlı iddiaların yetərli əsaslarla sübuta yetmədiyinə diqqət çəkib. O, eyni halda müvəkkilinin bir inanclı olaraq həyat tərzi ilə əsla uzlaşmayan cinayət işində narkoloji nəticələri də hakimin diqqətinə çatdırıb. Dövlət ittihamçısı isə bütün söylənənlərə baxmayaraq istintaq və məhkəmə dövründə ev dustaqlığına alınan Şahin Qədirlini narkotiklərlə bağlı ittihamda sübutları əsaslı sayaraq onun azadlıqdan məhrum edilməsini hakimdən istəyib. 

Ardınca məhkəmə son qərarını elan edib. Hakim Şahin Qədirlini CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə günahkar bilərək 3 il müddətinə azadlıqdan mərhum edib. Həbs olunduğu zaman ilk 4 ayı saxlanılma məntəqəsində keçirən Ş. Qədirlinin qərara əsasən 4 ayı işdən azaldılı və işin qalan 2 il 8 ayını o, cəzasını ümumi rejimli müəsisədə çəkməklə həbsə alınıb. Şahid Qədirli məhkəmə zalından saxlanılaraq 1 saylı İstintaq Saxlama Təcridxanasına göndərilib. 

Xatırladaq ki, Şahin Qədirli 2022-ci ilin 23 noyabrında saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılmış, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. 2023-cü ilin fevralında işlə bağlı verilən apellyasiya şikayəti Şahin Qədirlini ev dustaqlığına alınma qərarını təsdiqləmişdi.