İraqın rabitə naziri Bibiheybət Ziyarətgahında olub

Azərbaycanda rəsmi səfərdə olan İraq Respublikasının rabitə naziri, İraq-Azərbaycan birgə komissiyanın sədri xanım Hayam əl-Yasiri İraqın Azərbaycandakı səfirinin müşayəti ilə Bibiheybət Ziyarətgah Kompleksini ziyarət edib.

Qonaqlara Bibiheybət məscidində torpağa tapşırılan İmam Museyi Kazimin (ə) qızı Fatimeyi-Suğranın (Xanım Həkimə (s.ə.)) bu torpaqlara gəlişi və Bibiheybət məscidi haqqında geniş məlumat verilib.

İraqlı xanım nazirə məlumat verilib ki, Azərbaycanda hər zaman Əhli-Beytə (ə) böyük hörmət və ehtiram olmuşdur. Buna görə də Əhli-Beyt (ə) nümayəndəsi olan xanım Həkimə (s.ə.) burada çox böyük mehribanlıqla qarşılanmış, diqqət və qayğı ilə əhatə olunmuşdur. Burada Xanımın (s.ə.) əsas himayəçisi Hacı Bədir adlı yerli mömin şəxs olmuşdur. Öz vəsiyyətinə əsasən Hacı Bədir Xanımın (s.ə.) qəbrinin ayaq tərəfində dəfn olunmuşdur.

Qeyd olundu ki, Sovetlər dövründə, 1936-cı ildə dinlə mübarizə zəminində dağıdılan məscid 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin göstərişi ilə yenidən tikilib bərpa olunaraq zəvvarların ixtiyarına verilmişdir. Daha sonra 2008-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən əsaslı təmir-tikinti işləri aparılaraq xanım Həkimə (s. ə.) ocağı genişləndirilərək məscid-ziyarətgah kompleksi halına gətirilmişdir.