Hesabat: Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi üzrə göstəriciləri pisləşib

Avropa İnsan Hüquqları Məhkəməsinin sədri yanvarın sonlarında 2023-cü il üçün illik hesabatını və statistikanı təqdim edib.

Hesabatda deyilir ki, AİHM-in bütün ölkələrdən icraata götürdüyü işlər 2022-ci ildəki 45,500-dən 2023-cü ildə 34,600-a düşüb.

Bu göstəriciyə görə Azərbaycana aid icraata götürülən işlərin sayı isə 24 faiz artıb

Bu rəqəm 2022-ci ildə 389 idisə, 2023-cü ildə 438 olub. 2021-ci ilin göstəricisi 425 idi.

AİHM-in icraata götürdüyü işlərin sayı üzrə birinci üç yeri Türkiyə (8,341), Rumıniya (2,821) və Ukrayna (2,531) bölüşürlər.

AİHM-in aidiyyəti hökumətlərlə kommunikasiya, yəni rəy mübadiləsi etdiyi işlərin sayı ümumilikdə 2022 və 2021-ci illərlə müqayisədə azalsa da, Azərbaycanla kommunikasiya edilən işlərin sayında əhəmiyyətli artım qeydə alınıb.

2023-ci ildə Azərbaycanla kommunikasiya edilən şikayətlər 613 olub, halbuki bu rəqəm 2022-ci ildə 237 idi.

Bütünlükdə AİHM üzrə barəsində qərar verilmiş şikayətlərin sayı 2022-ci illə müqayisədə 2023-cü ildə 39,570-dən 38,260-a düşüb.

2023-cü ildə Azərbaycan üzrə 77 şikayət barəsində qərar çıxaırlıb. Bu rəqəm 2022-ci ildə 51 idi.

 

İlham Əliyevin bəyanatı

Azərbaycan tərəfindən Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxıla bilər.

AZƏRTAC-in xəbərinə görə, bunu prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən deyib.

O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi ilə bağlı təşəbbüsün dialoqa xidmət etmədiyini vurğulayıb.

Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətini bir il müddətinə mandatdan məhrum edib. Buna əsas kimi ölkədə insan haqlarının pozulması, siyasi məhbusların sayının artması və Azərbaycanın AŞPA-nın qarşısındakı öhdəlikləri yerinə yetirməməsi göstərilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, öz növbəsində, qurumla əməkdaşlığını qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan edib. Rəsmi Bakı AŞPA-nı qərəzdə ittiham edib.

 

Azadlıq Radiosu