Həbsdə olan jurnalistin səhhətində problem yarandığı bildirilir

Həbsdə olan “Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlunun (Rzayev) səhhətində problem yaranıb.

Jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib ki, jurnalist revmatik ağrılardan, o cümlədən oynaq və böyrək ağrılarından, yuxsuzluqdan əziyyət çəkir.

“Həyat yoldaşım 20 aydır Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılır. Təəssüf ki, bu müddət ərzində Osman səhhəti ilə əlaqədar zəruri müayinə və müalicəyə cəlb ediləməyib. Hətta o, 15 gün aclıq edəndə belə fəsadları ilə bağlı müayinədən keçirilmədi”, o qeyd edib.

Onun sözlərinə görə, həyat yoldaşı təcridxananın rəisinə Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinə və müalicə olunması üçün müraciət eməsinə baxmayaraq reaksiya verilmir.

Arzu Rzayeva həyat yoldaşının müayinə və müalicəyə cəlb edilməsi üçün Ədliyyə nazirinə, Penitensiar Xidmətin rəisinə və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edib.

Müraciətdə deyilir ki, siyasi məhbus statusu daşıyan Osman Nərimanoğlunun hüquqları pozulub.

“Təcridxananın məsul şəxsləri tərəfindən səhiyyə və sağlamlıq haqqında, tibbi sığorta haqqında, xüsusilə, nazirlər kabinetinin həbsxana şəraitində dustaqların saxlanılması barədə qərarı qəsdən pozulur. Həyat yoldaşım revmatik xəstəlikdən, kəskin oynaq ağrılarından əziyyət çəkir. Təcridxananın qan analizləri üçün labarotoriyası yoxdur. Fizioterapiya şəraiti mövcud deyil. Ona görə də sizdən xahiş və tələb edirəm ki, Osman Nərimanoğlunun müayinə və müalicə üçün Penitensiar Xidmətinin mərkəzi tibb müəssisəsinə göndərilməsinə göstəriş verəsiniz”, Arzu Rzayevanın müraciətində deyilir.

Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Baş Tibbi İdarəsi və Penitensiar Xidmət jurnalistin səhhəti, müayinə və müalicəyə cəlb edilməməsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bu il yanvarın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsi "Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlunu 6,5 il həbsə məhkum edib. Jurnalist məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə rüşvət tələb etmək ittihamı ilə həbs olunub. O, həbsindən sonra bildirib ki, ittihamlar uydurmadır, rəhbərlik etdiyi saytda korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunan Goranboy və Göygöl rayonunun Meliorasiya İdarəsinin məmurları və həkimlər tərəfindən ona böhtan atılıb.

Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.