Azərbaycan XİN Putinin köməkçisinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 9-da Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin "Russia Today" kanalına müsahibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

XİN vurğulayıb ki, Rusiya Federasiyası prezidentinin köməkçisinin "keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən" açıqlaması təəssüf və təəccüb doğurur.

XİN-ə görə, təəssüf ki, V.Medinski Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. "Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib", - açıqlamada əlavə edilib.

Azərbaycan XİN-in bəyanatına səbəb olan müsahibəsində prezident Vladimir Putinin köməkçisi Medinskinin deyib ki, əgər Rusiya-Ukrayna münaqişəsi cəbhə xətti boyunca dayandırılarsa və sülh barədə razılığa gəlinməsə, "o zaman – bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ var idi – bu bölgə nəhəng Qarabağa çevriləcək".

"Bir müddət sonra Ukrayna NATO ilə birlikdə, müttəfiqləri ilə (NATO-ya daxil olacaq) onu geri almağa çalışacaq və bu, planetin sonu, nüvə müharibəsi olacaq", - Medinski iddia edib.