Azərbaycan sərhəddə dəmiryolu xəttinə 500 milyon dollar xərcləyəcək

Azərbaycan-İran sərhədində dəmiryolu xəttinin birləşdirilməsinə 500 milyon dollar xərclənəcək.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran KİV-ə verdiyi açıqlamada deyib.

"Hazırda biz yeni Qafqazı müşahidə edirik və Cənubi Qafqazın dünya ticarətinin tranzit məkanına çevrildiyi yeni şəraitdə İran aktiv rola sahib olmalıdır", - Musəvi bildirib.

Səfir həmçinin əlavə edib ki, bu istiqamətdə İran və Azərbaycan arasında Araz yol dəhlizinin yaradılması üzrə razılaşma çox önəmli fürsətdir:

"İran milli və beynəlxalq səviyyədə bu razılaşmanın icra olunmasına çalışır. Araz yol dəhlizi hər iki ölkə tərəfindən dəstəklənir. Son vaxtlar Azərbaycan-İran sərhədində Ağbənd-Kəlalə körpüsünün tikilməsi üzrə Azərbaycan 8 milyon dollar dəyərində vəsait ayırıb. Eyni zamanda, gələcəkdə Ağbənd istiqamətindən iki ölkə dəmiryolunun birləşdirilməsinə Azərbaycan 500 milyon dollar vəsait xərcləyəcək".