Azərbaycan İranla dövlət sərhədindən tranzit və yük avtomobillərinin hərəkətinin tam dayandırılması barədə qərar qəbul edib

Azərbaycan hökuməti İranla dövlət sərhədindən tranzit və yük avtomobillərinin hərəkətinin tam dayandırılması barədə qərar qəbul edib.
Qərar martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz uçuş aparatları hücumlarından sonra qəbul olunub.
Nazirlər Kabinetinin bəyanatında qeyd edilir ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq Azərbaycan və İran arasındakı bütün sərhəd-keçid məntəqələrində yük avtomobillərinin hərəkətinin tam dayandırılması barədə qərar qəbul edilib.
Bundan əvvəl Azərbaycan Naxçıvan hava limanı ilə bağlı insidentdən sonra İranla sərhəd istiqamətində hava məkanını da müvəqqəti bağlayıb. Məlumata görə, pilotlara hava məkanının 12 saatlıq bağlanması barədə bildiriş göndərilib.
Martın 5-də Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın Azərbaycan ərazisinə pilotsuz uçuş aparatları ilə hücumunu dövlətə qarşı “terror aktı” adlandırıb və buna görə məsul şəxslərin cəzalandırılacağını bildirib.