Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, 53 kq-dakı Gültəkin Şirinova və 65 kq-dakı Birgül Soltanova bu raundadək irəliləyə bilib. Şiriona finala gedən yolda türkiyəli Zeynep Yetgillə, Soltanova isə fransalı İris Tiboks ilə güləşəcək.

57 kq-dakı Jalə Əliyeva təsnifatda ukraynalı Aleksandra Xomenetsə məğlub olub. O, rəqibi finala çıxsa, sabah təsəlliverici görüşə qatılacaq.

68 kq-dakı Nigar Mirzəzadə təsəlliverici görüşdə polşalı Karolina Kozlovskaya qalib gəlib. Mirzəzadə bürünc medal uğrunda macarıstanlı Karolina Pokla qarşılaşacaq. Bu gün, həmçinin, 55 kq-dakı Elnurə Məmmədova bürünc medal uğrunda qarşılaşmada Mihaela Samoillə (Moldova) üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb.