Almaniyanın Bild qəzeti Qubad İbadoğlunun həbsi barədə yazır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fevralın 28-də almaniyalı həmkarı Annalena Berbokla Berlində görüşdüyü bir zamanda Almaniyanın Bild qəzeti Qubad İbadoğlunun həbsi barədə yazı dərc edib.
Niyə Berbok bu Drezden professoru üçün mübarizə aparmır?” başlıqlı yazıda Drezden Texniki Universitetində dərs deməli olan Qubad İbadoğlunun ötən il “Bakıdakı rejim tərəfindən oğurlandığı”, Avropa Parlamentinin İbadoğlunun azad edilməsinə çağıran qətnamə qəbul etməsinə baxmayaraq, Almaniyanın Xarici İşlər Nazirliyinin “təəccüblü dərəcədə ehtiyatlı” davrandığı qeyd edilib.
Atasının həbsi ilə bağlı “Bild”ə danışan Jalə Bayramova da alman diplomatların Azərbaycan hakimiyyəti üzərindəki rıçaqlarından istifadə etmədiyini deyib.
Drezden Texniki Universitetinin professoru Marsel Tum qeyd edib ki, almaniyalı diplomatlar İbadoğluna tibbi yardım göstərilməsi və sərbəst buraxılması üçün lazımi qüvvə ilə kampaniya aparmaları yaxşı olardı.
“O, beynəlxalq miqyasda hörmətə malik bir alimdir, mən TU Drezdendə birgə tədqiqat aparmağı səbirsizliklə gözləyirdim, amma bunun əvəzinə biz indi onun həyatı üçün qorxuruq”, Marsel Tum “Bild”ə deyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

 

Amerikanın Səsi