Almaniya Bundestaqının deputatları Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşüb

Martın 1-də hüquq müdafiəçisi Rüfət Səfərov, vəkil Zibeydə Sadıqova və hüquqşünas Xalid Ağaliyev Bakıda səfərdə olan Almaniya Bundestaqının Hüquq Məsələləri Komitəsinin ayrı-ayrı fraksiyalarını təmsil edən səkkiz deputatı ilə görüşüb.

Nümayəndə heyətinə Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri xanım Elisabeth Winkelmeier-Becker rəhbərlik edir.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Almaniyanın Bakıdakı səfirliyində baş tutan görüşdə Azərbaycanda insan hüquqlarının mövcud durumu, repressiv mühit, siyasi ağırlıqlı inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının vəziyyəti, xüsusilə, Almaniyadan deposrtasiya edilən, sonradan “saxta ittihamlar üzrə həbs edilən”, bəzi hallarda işgəncələrə məruz qalan müxalif fəalların işləri, inanclı şəxslərin kütləvi həbsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, səfirin müşaviri Marcel Vietor iştirak edib.