Ağ Ev: Ukraynaya yardım üçün vəsaitimiz tükənir

Əgər Konqres fövqəladə tədbir görməsə, Vaşinqtonun Ukraynanı maliyyələşdirmək üçün vəsaiti tükənəcək.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi dekabrın 18-də “Politico” nəşrinə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Bayden administrasiyası dekabrda Kiyevə daha bir hərbi yardım paketini elan etməyi planlaşdırır, lakin bundan sonra Ukraynaya maliyyənin ayrılması dayandırılacaq.

“Bundan sonra bizim artıq vəsait ayırmağa səlahiyyətimiz olmayacaq. Konqresin təcili hərəkətə keçməsinə ehtiyac var”, - deyə Kirbi açıqlamasında vurğulayıb. 

Bundan əvvəl Pentaqonun baş auditoru Maykl Makkord bildirmişdi ki, ABŞ müdafiə nazirliyi ixtiyarındakı son 1,07 milyard dolları yeni silah, texnika və avadanlıqlara xərcləyəcək, bundan sonra, dekabrın 30-da isə onun büdcəsi boşalmış olacaq.