Sizinlə Müsəlman Birliyi Hərəkatı

Xalq olaraq bir millətin kimliyi tarixin keşməkeşlərindən keçərək ruhuna həmahənglik qurmaqla formalaşır. Zamanla təkmilləşən dəyərlər xalqları dövlət adlı bir bayraq altına toplamaq üçün bu xüsusiyyətlərin qorunması, yaşanması və inkişafını öz təməl prinsipləri olaraq təqdim edir. Birmənalı qəbul olunan mütərəqqi dəyərlər dövlət səması altında birləşərək daha mükəmməl və inkişaf yoluna qədəm qoyur ki, bu da xalqın millət, millətin dövlət vəhdətində milli kimlik kartıdır.
Milli kimlik Şərqin təsiri ilə bu gün formalaşma amili olaraq Azərbaycanın köklü əsaslarını İslam və onun mütərəqqi prinsiplərinə söykənən dövlətin əsas qayəsini təşkil etməsi heç kəs üçün gizlin deyil. Təkcə Azərbaycan yox, dünya Qafqazın qoynunda döyünən bu qəlbin ürəyində İslamın necə böyük yer tutmasını təsdiq edir. Bu isə şübhəsiz, illərə, on illiklərə, yüz illiklərə söykənən praktiki bir məhəbətdir ki, Azərbaycan deyilən hər bir nöqtənin əsas qayəsidir.
Zamanla formalaşan anti-islam düşüncələrindən fərqli olaraq ölkədə digər din nümayəndələri belə İslamın vəhdət bayrağı altında çoxmillətli, lakin İslam əsilli Azərbaycan ərazisində dinc və rahat yaşam əldə edə biliblər. Məzhəbi baxımdan İslam daxili qollarında hər biri xalqın böyük əksəriyyətini təşkil edən şiəliyin bu xalqın milli ruhunda varlığına ehtiramla yanaşıblar. Bəzi qıcıq nümayiş etdirən siyasi firqələrdən fərqli olaraq bütün İslam məzhəbləri Cəfərilik məzhəbinin bu ölkənin dini baxımdan əsas xəttini təşkil etdiyini qəbul edirlər.
Siyasi baxımdan da İslam bu ölkənin əsas məntiq bazalarında xüsusi rola malik olduğu danılmazdır. Azərbaycanın bayrağı, ölkə başçısının öz işinə sədaqət andı da İlahi dəyərlər olan İslamla simvolizə edilir. Ölkənin matəm və bayramları, kəbinlər, yaslara qədər İslamın təsiri aydın müşahidə olunan reallıqdır. İki aylıq Məhərrəm və Səfər ayları, bir aylıq Ramazan günləri ilin dörddən bir hissəsini tam İslam sükunətinə qərq edir. Bütün bunlar onu göstərir ki, milli və dini kimlik bu xalqın ruhunda formalaşan tam bir vəhdəti yarada bilib.
Əlbəttə, illərdir siyasi həbslər və bu həbsləri dünyada qiymətləndirən beynəlxalq təşkilatlar belə əsas sayı, siyasi məhbusların böyük əksəriyyətinin inanclılar olmasını bu istiqamətdə hakim qüvvələrin daha ehtiyatlı yanaşacaq nöqtənin də ölkənin əsas gücü olaraq inanclılar üzərindən hesablanması həqiqətini göstərən tərəfdir. Bu isə islamın, görmək istəməyən tərəflərdən fərqli olaraq bu ölkədə Azərbaycan xalqının hər bir fərdi üçün hansı əhəmiyyətə malik olduğu qədər onun gələcəyində də əhəmiyyətini anladır. Əgər belə olmasaydı İslamın təqdimatı bu qədər siyasi hədəflərin əyri düşüncələrində narahtlıq yaratmazdı.
Bütün bunların əhəmiyyətini nəzərə alıb biz, xalqın İslam və din vəhdətində birlik və bərabərliyini xalqın daxildən dağıdıcılığa cəhd göstərən neqativ qüvvələrə qarşı olduğu kimi xaricindən də əli əyri ünsürlərə qarşı mübarizə üçün yola düşdük. Xalqın gələcəyini İslamın vəhdətində milli ruhun birlik və bərabərliyi ilə xalqın yeni üfüqdə daha ədalətli, bərabər və möhkəm addımları ilə parlaq sabahını qurmaq üçün bütün gücümüzü səfərbər etdik. Millətin ruhuna, milli düşüncəsinə yaxın bir dəyərin inkişafını yalançı xəyali eybəcərliklərdən təmizləmək üçün bütün gücümüzlə çalışdıq. Hər növ şər və böhtanlar, həbs və işgəncələr ayrılıq və şəhadətlər bizi hədəfimizdən nəinki yayındırmadı, əksinə möhkəmlədərək daha mübariz etdi.
Nardaran hadisəsində şəhid olan qardaşlarımızın mübarək qanı bizi Qarabağda şəhid olan qardaşlarımızın pak qani ilə milli və mənəvi birliyin üfüqündə daha da parlatdı. Neçə-neçə üzvülərimiz arasında qazilərimizn də yer aldığı siyasi məhbuslarımız bu yolda dəyişməz bir hədəfi daha da aydınlatdı.
Doqquz ildir Müsəlman Birliyi Hərəkatı sizinlədir. Bütün eybəcərliklərə yox deyərək təkcə ölkədə deyil, dünyada bir Azərbaycan gerçəkliyini, zülmlə barışmayan simasını təqdim etməklə. Bundan sonra da eyni hədəf və daha mütərəqqi addımlarla, sizin dəstəyiniz və Allahın yardımı ilə növbəti illəri parlaq sabahlara bağlamaq əzmi ilə yola davam edirik.

 

Sizin Müsəlman Birliyi Hərəkatınız.