Avropanın ən böyük limanı İsrailə bağlanıb

Brüssel məhkəməsi Flamand regional hökumətinə İsrailə silah və hərbi texnikanın daşınmasını dayandırmağı əmr edib. Qərar hərbi nəqliyyatda mühüm rol oynayan Antverpen-Brügge limanını da əhatə edir.

Avropanın diplomatik mərkəzlərindən biri olan Belçikanın paytaxtı Brüsseldə İsrailə silah ixracı ilə bağlı diqqətçəkən məhkəmə qərarı verilib. Brüssel məhkəməsi Flamand regional hökumətinə İsrailə hərbi texnikanın daşınmasını dayandırmaq üçün məcburi qərar çıxarıb.

Belçikanın aparıcı xəbər agentliklərindən biri olan “Belga”nın məlumatına görə, qərar birbaşa Avropanın ən böyük liman infrastrukturlarından biri olan Antverpen-Brügge limanına təsir edir. Sözügedən liman Flamand regionunun sərhədləri daxilində yerləşir və silah və hərbi texnikanın daşınmasında mühüm mövqe tutur.

Brüssel məhkəməsinin qərarından dərhal sonra Belçika hökuməti İsrailə mühüm diplomatik müraciət edib. Bəyanatda Təl-Əviv rəhbərliyinə hərbi müdaxilələri dayandırmağa çağırılıb və Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb.

Belçikanın həm daxili qanunlara, həm də beynəlxalq məsuliyyətlərinə uyğun olaraq İsrailə qarşı bu addımı atması Qəzza və Suriyadakı son proseslər fonunda Avropadan gələn ən sərt reaksiyalardan biri kimi şərh edilir.