Suriya İsrailin hücumları qarşısında Süveydadan qoşunlarını çəkməyə qərar verib

Suriya İsrailin hava hücumları qarşısında ölkənin cənubundakı Süveyda şəhərindən qoşunlarını çəkməyə qərar verib. 

İyulun 16-da İsrail Dəməşqdə Prezident Sarayı və Müdafiə Nazirliyi də daxil olmaqla hökumət binalarına ardıcıl zərbələr endirib. Suriyanın keçid dövrü hökuməti zərbələr nəticəsində ən az 3 nəfərin öldüyünü bildirib. 

İsrail əməliyyatın Suveydadakı druzları – Suriya hökumət qüvvələri ilə ölümcül toqquşmalarda iştirak edən ərəb azlığını – dəstəkləmək məqsədi daşıdığını iddia edib. 

ABŞ rəsmilərinin də məsələyə müdaxilə etməsindən sonra Suriya hökuməti Suveydadan çıxmağa və druzlarla atəşkəsə razılaşıb. 

İyulun 17-də televiziya ilə çıxış edən Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaara Colani ölkəsinin iki seçim qarşısında qaldığını deyib: “ya druz vətəndaşlarımızın qanı bahasına İsraillə açıq müharibə, ya da druz din xadimlərinin ağlını başını yığaraq milli maraqları üstün tutması”.
“Biz müharibədən qorxmuruq, tariximiz xalqımızı müdafiə etmək uğrunda döyüşlərlə doludur, lakin biz suriyalıların rifahını xaos və dağıntılardan üstün tutan yolu seçdik,” – Əl Şaraa bildirib.
O, həmçinin, İsraili Suriya xalqını parçalamağa cəhd etməkdə ittiham edib və druz əhalisinin hüquqlarını qorumağa söz verib.
“Dəfələrlə bizi sabitlikdən çıxarmağa və parçalamağa çalışan İsrail adlanan qurum bir daha torpağımızı xaos meydanına çevirmək və xalqımızın birliyini dağıtmaq istəyir,” – o əlavə edib. 
ABŞ Dövlət katibi Marko Rubio iyulun 16-da bildirib ki, ölkəsi Suriyadakı toqquşmalara son qoymaq üçün münaqişənin bütün tərəfləri ilə əlaqə saxlayıb.
“Bu gecə bu narahatedici və dəhşətli vəziyyətə son qoyacaq konkret addımlar üzərində razılığa gəlmişik. Bunun üçün bütün tərəflərin verdikləri öhdəlikləri yerinə yetirməsi tələb olunur və biz onların məhz bunu edəcəyini tam gözləyirik,” – o, “X” səhifəsində yazıb.
Suriyanın dövlət xəbər agentliyi SANA hökumət qoşunlarının Süveydadan çıxmağa başladığını göstərən video paylaşıb. 
Suriya İnsan Hüquqları Şəbəkəsi iyulun 16-dakı hesabatında hökumət qoşunları ilə druzlar arasındakı bir neçə günlük toqquşmalarda ən az 169 nəfərin öldüyünü və 200 nəfərin yaralandığını xəbər verib.