ABŞ-ın Zəngəzura nəzarətlə bağlı mübahisəli təklifi

ABŞ qeyri-adi addımla Ermənistanla Azərbaycan arasında mübahisəli marşrutu nəzarətə götürməyi təklif edib. İrəvandan rədd edilən bu təklif bir çoxları tərəfindən milli suverenliyi aşmaq cəhdi kimi qiymətləndirilib.

Britaniya mediası Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülhü mümkünsüz edən mübahisəli ərazi olan Zəngəzur dəhlizinə nəzarətin yaradılması təklifini dəyərləndirib.

“Middle East Eye” nəşrinin yazdığına görə, ABŞ Ermənistan və Azərbaycan arasında mübahisəli dəhlizə nəzarəti ələ almağı təklif edərək, məqsədin iki ölkə arasında dayanmış diplomatik danışıqları canlandırmaq olduğunu bildirib.

Mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzərində razılığa gəlsələr də, Bakı hələ də onun rəsmi imzalanması üçün əlavə şərtlər irəli sürür. Bu şərtlərdən biri də odur ki, Azərbaycanın tələbi ilə Ermənistan öz konstitusiyasına dəyişiklik edəcək və mətndən Azərbaycan ərazisinə istinadlar çıxaracaq.

Əsas münaqişə nöqtələrindən biri də Zəngəzur adlı dəhlizdir. Bu dəhliz Azərbaycan ərazisinin Ermənistan üzərindən Naxçıvan bölgəsi ilə birləşdirilməsini nəzərdə tutur. Ermənistan “Zəngəzur dəhlizi” termininin işlədilməsini rədd edərək, bu adın Ermənistanın suverenlik ərazisinə separatizm mənasını verdiyini iddia edir.

Ermənistan dəfələrlə bəyan edib ki, öz ərazisində heç bir dəhlizin fəaliyyət göstərməsinə imkan verməyəcək. İran da regionda heç bir geosiyasi dəyişikliyi qəbul etmədiyini dəfələrlə vurğulayıb.

Digər tərəfdən, Bakı iddia edir ki, bu dəhliz tamamilə Ermənistanın nəzarətində olmamalıdır. Çünki Bakı administrasiyasının fikrincə, İrəvan etibarlı deyil və bu marşrut üzrə sərbəst və maneəsiz keçidə zəmanət verə bilməz. Digər tərəfdən, Ermənistan da bu marşruta nəzarətin üçüncü tərəfə verilməsinin qəti əleyhinədir.

32 kilometrlik bu dəhliz Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına əngəl törədən əsas maneələrdən birinə çevrilib.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Nyu-Yorkda mətbuat konfransında deyib: “Onlar 32 kilometrlik yol haqqında mübahisə edirlər, lakin bu kiçik məsələ deyil. Bu məsələ on ilə yaxındır ki, davam edir.

Belə bir vəziyyətdə ABŞ işə qarışır və deyir ki, "yaxşı, biz öhdəliyimizi alacağıq. Sadəcə bu 32 kilometrlik dəhlizi bizə 100 il müddətinə icarəyə verin, hər kəs ondan istifadə etsin".

Barakın açıqlamaları Tramp administrasiyasının bu marşrutun Amerika kommersiya operatoru tərəfindən idarə olunmasını təklif etdiyinin ilk rəsmi təsdiqidir. Karnegi analitik mərkəzinin son hesabatına görə, bu plan Avropa İttifaqının əvvəlki təklifi əsasında hazırlanıb. Bu modelə görə, Amerika logistika şirkəti bu marşrutla yük daşımalarını idarə edəcək və ona nəzarət edəcək və sonra əldə edilən məlumatları şəffaf şəkildə bütün tərəflərlə paylaşacaq.

Hesabatda bildirilir ki, bu təklif Gürcüstanın separatçı bölgələrində beynəlxalq nəzarət modelləri əsasında hazırlanıb və Azərbaycanın uzunmüddətli təhlükəsizlik zəmanəti tələblərinə cavab olaraq təqdim edilib. Eyni zamanda, Ermənistanın bu marşrut üzərində suverenliyi qorunub saxlanılacaq.

Bu arada Türkiyə qeyri-rəsmi olaraq Bakını sülh sazişini imzalamağa təşviq edir və Azərbaycan rəsmilərinə regional hadisələrin vəziyyəti dəyişdiyini xatırladır.

Middle East Eye-a danışan bölgədəki danışıqlardan xəbəri olan mənbə, bu təklifin ilk olaraq Türkiyə tərəfindən edildiyini və bu dəhlizin idarəçiliyini hər iki ölkədən razılıq alacaq özəl bir şirkətin öz üzərinə götürəcəyini söyləyib.

Həmin mənbə sözünə davam edib: “Lakin Ermənistan tərəfi bu şirkətin də dəhlizin Naxçıvan tərəfində fəaliyyət göstərməsini tələb edib. Bu, Bakı üçün qəbuledilməz tələbdir”.