Şeyx Naim Qasim: “Hizbullah” bir qala kimi durmağa davam edəcək!

Müqavimət cəbhəsi Livanı müdafiə etmək üçün qurulub.

Bu barədə Livanın “Hizbullah” hərəkatının Baş katibi Şeyx Naim Qasim bəyan edib.

O, “Hizbullah”ın güclü bir qala kimi dirəniş göstərəcəyini deyib.

Şeyx Naim Qasim Livanın hazırkı vəziyyətinə toxunaraq bildirib ki, rəsmi Beyrut ölkənin torpaqları üzərindəki suverenliyini yenidən qazanmalıdır, bu istiqamətdə plan hazırlamalıdır, suverenlik olmadan isə sabitlik də olmaz. O, Livan hökumətini diplomatiya, güclü ordu və müdafiə stategiyası yolu ilə suverenliyin bərpası mövzusunda miqyaslı iclaslar təşkil etməyə, həmçinin ölkədəki partiyaları və elitaları bu istiqamətdə Livan hökumətinə yardım etməyə və təkliflər verməyə çağırıb.

O əlavə edib ki, Livanın bütün problemlərinin mənbəyi düşmən olan işğalçı İsrail rejimi və onun dəstəkçisi ABŞ-dır.

O, “Hizbullah”ın Livanı qorumaq və işğaldan azad etmək üçün qurulduğunu xatırladıb.

Müqavimət bir millət və bir ailədir. Müqavimət inancdır, iradədir, vətənə olan sevgidir və şərəfdir“, – deyə “Hizbullah” lideri vurğulayıb.

O qeyd edib ki, “Hizbullah” 17 il ərzində İsrailin qarşısını alıb və bu, fövqəladə bir uğurdur.

Livan hökumətinin “Hizbullah”ı silahsızlaşdırmaq fikrinə toxunan Şeyx Naim Qasim deyib ki, “bu qərar İsrail və ABŞ-ın göstərişi ilə qəbul edilib. İsrailə qarşı mübarizə aparmaq gücümüz var və bu, belə də davam edəcək“.

O, Livanın daxili işlərinə müdaxilə edən ABŞ-a da reaksiya verib: “ABŞ Livana qarşı sanksiyalar tətbiq etməyə və ölkənin yenidən inşası mərhələsinə mane olmağa davam edir. ABŞ Livanda fitnə toxumları səpir və bu ölkə etibarlı bir ölkə deyil. Livan üçün böyük təhdid mənbəyi olan ABŞ ölkəmizə silah dəstəyinin verilməsinə də mane olur“.

O, müqavimət cəbhəsinin İsrailin qarşısında duran güclü bir qala olaraq qalmağa davam edəcəyini vurğulayıb.