Avropa Məhkəməsi Tale Bağırzadənin pozulmuş hüquqlarını tanıyıb

Bu barədə məlumatı vəkil Fariz Namazlı özünün facebook sosial səhifəsində paylaşıb.

“Dünən (16 iyul) Avropa Məhkəməsi Taleh Bağırovun 2015-ci ilin noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularkən, idarəyə aparılarkən işgəncəyə məruz qalmasına dair verdiyi şikayət üzrə qərarını elan edib. Bundan əvvəl, Avropa Məhkəməsi həmin hadisələr zamanı həbs edilən digər şəxslərin işgəncəyə məruz qalmasına dair şikayətləri üzrə bir neçə dəfə qərarlar qəbul edib. Dünənki qərarda Avropa Məhkəməsi belə nəticəyə gəlib ki, T. Bağırov yerli orqanlara verdiyi şikayətlərdə pis rəftara məruz qalmasına dair konkret məlumatlar göstərib ki, bu halda yerli qurumlar müraciətlə bağlı hərtərəfli araşdırma aparmalı idi, digər tərəfdən ərizəçinin pis rəftara məruz qalması tibbi sənədlərlə təsdiq edilirdi. Buna görə də Məhkəmə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) maddəsinin maddə və prosessual aspektdən pozuntusunu tanıdı.

Məhkəmə həmçinin həbs edilmiş şəxslərə dövlət hesabına təyin edilmiş vəkillərin onların hüquqlarının müdafiəsi üçün hər hansı hərəkət etmədiklərinə və işgəncə ilə bağlı şikayət vermədiklərinə diqqət çəkib. Həbs olunmuş şəxslər yalnız özləri tərəfindən vəkillərlə (o vaxt Xəzər TV-nin "xüsusi təyinatlı vəkillər" adlandırdığı) təmin edildikdən sonra lazımi şikayətlər edilib. Məhkəmə qeyd edib ki, vəkillə təmin edilmə və ailə üzvləri ilə əlaqə saxlama pis rəftara qarşı əsas təminatlardan biridir, ona görə də bu hal 3-cü maddədə nəzərdə tutulan nəticələrə kömək edən əlavə vasitələrdir.

Avropa Məhkəməsi həmçinin jurnalist Fikrət İbişbəylinin də 2016-cı ildə BMCMİ tərəfindən həbs edilərkən işgəncəyə məruz qalmasına dair şikayətinin effektiv araşdırılmamasını Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab etdi və T. Bağırova mənəvi zərərə görə 10000 avro, F. İbişbəyliyə 5000 avro kompensasiyanın ödənilməli olmasını müəyyən etdi.”