Hacı İlqar İbrahimoğunun azadlıqda olduğu deyilir

Sosial media üzərindən yayılan xəbərdə iyulun 16-da tanınmış ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun saxlanıldığı bildirilmişdi. Məlumatda qeyd edilmişdi ki, iyul ayının 16-da axşam saatlarında ilahiyyatçı-filosof Bakı şəhərindəki Yasamal parkında, həkimlərin göstərişinə əsasən gündəlik sağlamlıq yürüşündən sonra istirahət məqsədilə kafelərdən birində əyləşib.

Bu zaman mülki geyimli naməlum şəxslər ona yaxınlaşaraq Hacı İlqar İbrahimoğlu, ailəsinə məlumat verməyə imkan yaradılmadan avtomobilə mindirilərək naməlum istiqamətdə aparmışdır.

Hacı İlqar İbrahimoğlunun yaxınlarının və hüquqi təmsilçisilərinin Daxili İşlər Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına etdikləri müraciətləri isə cavabsız qalmışdı.

Bu gün (18 iyul) yayılan məlumatlarda ilahiyyatçının azadlıqda olduğu bildirilir. Məlumatda Hacı İlqar İbrahimoğlunun hansı səbəbdən saxlanıldığı haqqında heç bir məlumat yer almayıb.

Qeyd edək ki, Hacı İlqar İbrahimoğlu ürək əməliyyatı keçirmiş və xüsusi tibbi nəzarət altında olması tələb olunan bir şəxsdir.