Siyasi məhbusları birdən-birə tibbi müayinədən keçirməyə başlayıblar

İstintaq təcridxanasında keçmiş deputat Nazim Bəydəmirlini qəflətən tibbi müayinə ediblər. Bu barədə onun xanımı Fəridə Bəydəmirli bildirib. Onun sözlərinə görə, fevralın 19-da Bəydəmirlini istintaq təcridxanasının tibb məntəqəsinə çağırıblar. "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər,  təzyiqini ölçüblər, qan analizi verməyi məsləhət görüblər, Nazim razı olmayıb. Öz inandığı həkimlərin təcridxanaya gəlməsini istəyib. Bundan ötrü rəsmi müraciət edəcəyik", - Fəridə Bəydəmirli deyib.

O, eyni zamanda həyat yoldaşının özünü pis hiss etdiyini deyib. 

"Nazim dedi ki, özünü çox pis hiss edir. Hər il noyabrda fizioterapevtik müalicə alırdı, çünki bronxlarında problem var.  Lakin bu il həbslə əlaqədar müalicə ala bilmədi", - Fəridə Bəydəmirli deyib.

Həbsxana həkimi həbsdə olan jurnalist Polad Aslanova da bildirib ki, onun kompleks tibbi müayinə edilməsi barədə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin göstərişi var.  

Polad Aslanovun xanımı bildirib ki, Poladı nevropatoloq, stomatoloq müayinə ediblər, ultrasəs müayinəsi edilib, lakin nəticə haqda bildirməyiblər. Eyni zamanda, o deyib ki, həyat yoldaşı böyrək ağrısından və sinir gərginliyindən şikayət edir.

Qeyd edək ki, birdən-birə müxalifətçi siyasətçi Tofiq Yaqublunu da tibbi müayinədən keçiriblər.

Görünür, Navalnı ilə baş verənlər rəhbərliyi qorxudub.

 

Turan.az