Siyasi məhbus Şahin Verdiyev intihar etdi, bəs olmadımı?

"66 yaşlı, bir böyrəyi çıxarılmış, ağır təzyiq xəstəsi olan anamı aylardır Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasının rəisi Qasım Əliyev türmə yollarında qoyub.
Qasım Əliyev anamı aylardır aldadır ki, qardaşım, narkotik ittihamı ilə şərlənib həbs edilən siyasi məhbus Şahin Verdiyevi Pentensiar Xidmətin Bakıdakı Müalicə Müəssisəsinə göndərəcək. Amma göndərmir.
Qardaşım keçmiş Gəncə məhbusudur. Birinci həbsində Gəncə polisinin verdiyi dəhşətli işgəncələr nəticəsində bütün sağlamlığını itirib. O vaxt Gəncədə Sərxan adlı polisin qardaşımın başına vurduğu yumruqlardan, təpiklərdən başında şişlər yaranıb.
2019-cu ildə, birinci həbsi zamanı məhkəmə zalında insult keçirib. Qardaşım 2023-cü ilin 9 mart tarixində yenidən şərlənərək həbs edilib. Gecə ilə Gəncə polisinə aparıb başındakı şişləri yenidən yumruqlayıb, təpikləyiblər.
O, yenicə azadlığa çıxmışdı və Gəncədəki ruhu dispanserdə müalicə alırdı.
Birinci həbsi zamanı qardaşımın ayaqlarını, qollarını arxadan bağlayıb ayaqlarının altına dubinka ilə bayılana qədər döyürmüşlər. Qardaşımın bu işgəncə ilə daxili orqanlarını sıradan çıxarıblar.
Şahin Verdiyev bu işgəncələrdən sonra böyrəklərinin və sinirlərinin ağrısından huşunu itirir. O, bu ağrılara görə qışda Gəncə təcridxanasında intihar etmişdi.
Qardaşım yenidən insult keçirib və üz cizgiləri əyilib. Amma bütün bunlara baxmayaraq qardaşımı rəis Qasım Əliyev Pentensiarın Müalicə Müəssisəsinə köçürmür. Çünki biz kasıbıq, bütün ailə xəstə anamın aldığı təqaüdlə dolanmaq və kirayə pulu vermək məcburiyyətindədir. Xəstə olmayan məhbuslar pul verib, rüşvətlə Müalicə Müəssisəsində aylarla veyillənir.
Qardaşımın həyatı təhlükədədir. Onu hər an itirə bilərik.
Qardaşımın həyatına Qasım Əliyev və Ədliyyə nazirliyi cavabdehdir.
 
 
Nigar Kərimova
Siyasi məhbus Şahin Verdiyevin bacısı"